“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Birinci Regional Sammit

15 Noyabr 2019

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov cari ilin 15-16 noyabr tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində təşkil olunmuş “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Birinci Regional Sammitdə iştirak etmişdir.

 Qeyd olunan tədbirin məqsədi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) həyata keçirilən ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının maliyyələşdirilməsi mənbələrinin müxtəlifliyinin milli mexanizmlərə inteqrasiyası sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi üçün bütün maraqlı tərəflərin cəlb olunmasından ibarət olmuşdur. Sammitdə çıxış edən Hüseyn Hüseynov, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn DİM-lərin Azərbaycanda icrası istiqamətində həyata keçirilmiş tədbirlər, DİM-lərin milli prioritetlərə uyğunlaşdırılması istiqamətində Hökumətə texniki və siyasi dəstəyin göstərilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının dəstəyi ilə həyata keçirilmiş İnteqrasiya, Sürətləndirmə, Siyasətə Dəstək Missiyası  (MAPS) tərəfindən DİM-lərin maliyyələşdirilməsi üçün təklif olunan əsas platformalar barədə Sammit iştirakçılarına məlumat vermişdir. Hüseyn Hüseynov, panel sessiyada çıxışı zamanı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Fərmanı ilə ölkə üzrə müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövlər üçün hədəflərini özündə aydın ehtiva edən orta müddətli xərclər çərçivəsinin hazırlanması qaydasının müəyyən edildiyini və hazırlanacaq bu sənədin DİM-lərin maliyyələşdirilməsində səmərəliliyin artırılması və dövlət büdcəsi ilə əlaqələndirilməsinin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdırmışdır. Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən artıq orta müddətli xərclər çərçivəsi sənədinin ilkin variantının hazırlandığını, önümüzdəki 5 il ərzində ölkə səviyyəsində 2-ci-aclığa son, 4-cü-keyfiyyətli təhsilə nail olunması, 13-cü DİM-iqlim dəyişikliyinə qarşı mübarizə, 14-cü DİM-dəniz ekosisteminin mühafizəsi, 15-ci DİM-torpaq ekosisteminin mühafizəsi ilə bağlı xərclərin tamamilə dövlət büdcəsinə inteqrasiya ediləcəyini bildirmişdir. Eyni zamanda şöbə müdiri 2018-ci ildə 8-ci və 16-cı məqsədlərin ölkə səviyyəsində icrasına xidmət edəcək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını, o cümlədən Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının davamı olaraq 2030 strategiyasının hazırlanması və həmin yeni strateji sənədin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və göstəricilərinə inteqrasiyasının nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Konfrans işçi sessiyalarla işini davam etdirmişdir.