İqtisadiyyat Nazirliyinin nümayəndəsi Harvard Universiteti tərəfindən təşkil edilən Konfransda çıxış edib

4 Noyabr 2019

Cari ilin 4 noyabr tarixində İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov Harvard Universitetinin Dizayn Məktəbinin Dayanıqlı İnfrastruktura dair Zofnass Proqramı tərəfindən təşkil olunmuş “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində inteqrasiya və uyğun siyasət tədbirlərinin tətbiqi”  mövzusunda seminarın “Dayanıqlı İnkişaf Məqsədləri və İqlim Dəyişikliyi” panelində çıxış etmişdir.

 Qeyd olunan seminarın əsas məqsədini iştirakçı ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi mexanizmi, həmçinin bu istiqamətdə qarşıda duran çətinliklər və perspektivlərin müzakirə olunması təşkil etmişdir. Şöbə müdiri Hüseyn Hüseynov panel sessiyada çıxışı zamanı “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliy”in Azərbaycanda icrası ilə bağlı görülmüş işlər barədə məlumat verərək, ölkəmiz üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən olunduğunu, ölkənin inkişaf prioritetlərinə uyğun olaraq qəbul ediləcək bütün dövlət proqramları, fəaliyyət planları və digər strateji sənədlərin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn məqsəd və hədəflərə uzlaşdırılmasının təmin edilməsi ilə bağlı fəaliyyətin davam etdiyini diqqətə çatdırmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin dövlət büdcəsinə inteqrasiyası məqsədilə həyata keçiriləcək mexanizmlər barədə məlumat verən şöbə müdiri, Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının davamı olaraq 2030 strategiyasının hazırlanması və həmin yeni strateji sənədin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və göstəricilərinə inteqrasiyasının nəzərdə tutulduğunu bildirmişdir. Eyni zamanda, Hüseyn Hüseynov universal xarakter daşıyan Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə özəl sektorun cəlb edilməsinin vacibliyini bildirilmiş, o cümlədən ətraf mühit məsələlərinin həllində özəl sektorun cəlb olunmasının əhəmiyyətliliyini diqqətə çatdırmışdır. Ölkəmizdə artıq bir sıra biznes subyektləri tərəfindən dayanıqlılıq hesabatlarının hazırlandığı qeyd olunmuşdur.