Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

31 İyul 2019

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Üçüncü Respublika İnnovasiya Müsabiqəsinə geniş ictimaiyyət tərəfindən göstərilən marağı və tədqiqatçıların, innovativ ideyalara malik gənclərin, xüsusilə universitetlərin fəal iştirakının təmin olunmasını nəzərə alaraq, müsabiqəyə layihələrin qəbulu müddəti sentyabr ayının 23-dək uzadılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə hər il keçirir. Müsabiqənin tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyidir.

Müsabiqəyə müxtəlif sahələri əhatə edən layihə və innovativ ideyalar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması, http://ric.az/apply/,  habelə narmin.babayeva@economy.gov.az elektron poçtu vasitəsi ilə təqdim edilə bilər. Müsabiqə haqqında ətraflı məlumatı  http://ric.az rəsmi internet səhifəsindən əldə etmək olar.

Müsabiqənin qalibləri 1-ci yer üçün 5000 manat, 2-ci yer üçün 3000 manat və 3-cü yer üçün 2000 manat olmaqla mükafatlandırılacaqlar. Müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin 1 layihə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcəkdir.

Bununla yanaşı, 2 qalib komanda bütün xərcləri qarşılanmaqla 29-31 yanvar 2020-ci il tarixlərində Estoniyada keçiriləcək “sTARTUp Day” proqramında Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır.